Prezident İlham Əliyevin təşəbbüsü ilə fermerlərə dəstək məqsədi üçün subsidiyaların verilməsi kənd təsərrüfatının inkişafı baxımından mühüm inqilabi qərar idi. Lakin bu işlər başladılsa da, bəzi hallarda şəffaflığın olmaması, mənimsənilmələrə yol verilməsi, statistik məlumatların doğru əks edilməməsi bu cür zəruri təşəbbüsə kölgə salırdı.
Sözügedən sahədə çatışmazlıqların aradan qaldırılması məqsədi ilə Azərbaycanda subsidiya mexanizmini müəyyənləşdirmək üçün Aqrar Subsidiya Şurası yaradılıb. 2019-cu ildə əkin subsidiyasına ümumillikdə 292 mln. manat vəsait müəyyənləşib. Şura müəyyən edilən siyahıları, əmsalları və kvotaları illik qiymətləndirmə nəticələrinə uyğun olaraq yeniləyə bilər.
Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirəcək. Agentlik fermerin xahişi əsasında məhsul subsidiyası üzrə ona veriləcək vəsaitin onun kənd təsərrüfatı təyinatlı kredit borclarının ödənilməsinə yönəldilməsi barədə zəmanət məktubu verəcək.
Həmçinin Azərbaycanda əkin sahəsi barədə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə yalan məlumat verən fermer subsidiyadan məhrum olunacaq. sistemə fermer tərəfindən daxil edilən infomasiya operativ yoxlanılacaq və araşdırılacaq.
Əgər daxil edilən informasiyada 5 faizə qədər səhv məlumat aşkarlanarsa, fermerə düşən subsidiya veriləcək. Əgər məlumatda 20 faiz xəta aşkarlanarsa, həmin fermerin qanuni subsidiyası 30 faiz azaldılacaq. Əgər xəta 30-50 faiz artırılıbsa, sahibkar 1 il, 50 faizdən artıq olarsa, 2 il subsidiyadan məhrum ediləcək.
Hər bir fermer Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində əkəcəyi məhsul barədə bəyan etməlidir. Bütün göstəricilər sistemdə öz əksini tapdıqdan sonra fermerə plastik kart verilir. Subsidiyaların verilməsində əsas icraçı orqan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyidir. Hazırda təlimçilər hazırlanır ki, fermerləri məlumatlandıraq.
Hazırda elektron kənd təsərrüfatı sistemində 320 min fermer qeydiyyatdan keçib. Subsidiyalar gələn ilin yanvar ayının 15-dən sonra veriləcək. Azərbaycanda fermerlərə subsidiyaların verilməsi nağdsız şəkildə həyata keçiriləcək. Kartlar fermerlərə pulsuz veriləcək. Fermerlər bu kartın balansında olan məbləğin 25 faizini nağd, qalan 75 faizini isə nağdsız şəkildə istifadə edə biləcək. Bu kartlar xüsusi olaraq fermerlər üçün yaradılıb və ilin sonuna kimi öz sahiblərinə veriləcək.
Bəs bu kimi proseslərlə bağlı fermerlər nə düşünür?
Bərdəli fermer Elman Qasımov hafta.az-a açıqlamasında dedi ki, bu çox yaxşı təşəbbüsdür:
“Əvvəllər bu sahə ilə bağlı bir sıra problemlərlə üzləşirdik. Subsidiyaların caxtında verilməməsi və ya bu subsidiyanın fermerə tam ödənilməməsi kimi xoşagəlməz hallarla rastlaşırdıq. Biz fermerlər müqavilə ilə yer götürüb əkirik. Müqavilə götürdüyümüz yerlərə görə hər il müqaviləni yenilədikdə əlavə xərclərimiz çıxır. Gələcəkdə bununla bağlı da işlər görülsə, fermerlərin işi daha rahat olar. Əvvəl elə idi ki, pərakəndə şəkildə bu işlər görülürdü. İndi isə bundan sonra açıq bazardan rahatlıqla gedib lazım olanları alıb, işlərimizi görə biləcəyik. Artıq elektron qayda da tətbiq olunacağı təqdirdə, mən düşünürəm daha bu kimi problemləri yaşamayacağıq”.
Fermer Şahmar Əliməmmədov da yeni qaydaların fermerlərin xeyrinə olacağını düşünür:
“Əvvəlki illərdə də elə problem olmayıb. Biz işlərimizi lazımı qaydada qura bilirik. Lazım olan işlərdə də nazirlikdən dəstək alırıq. Bu kimi prosesin sürətli və şəffaf aparılması, gələcəkdə işlərimizə daha yaxşı təsir göstərəcək. Kiçik problemlər olursa da, bu da qarşıdakı illərdə həll olunan məsələlərdir".
Saatlıdan olan fermer Elton Məmmədov da bu təşəbbüsü alqışlayır:
“Bütün hallarda bizim işimiz yüngülləşdi. Ancaq problemimiz bununla bitmir. Subsidiyanın miqdarı bir az artırılsa daha yaxşı olar. Elektron qaydanın tətbiqi ürəyimizcə oldu”
Bütün bu yaradılan əlçatanlıqla yanaşı, fermerlər bir sıra problemlərinin olduğunu da deyirlər:
Fermer Elton Məmmədov su qıtlığının olmasından şikayətlənir: “Bizim coğrafi yerimiz elədir ki, su problemimiz var. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə və aidiyyatı orqanlara müraciət etmişik. Ümid edirk ki, bu problemiz də həllini tapacaq”.
Bundan başqa fermerlər müqavilə şərtlərinin çətin olması, hər il müqavilələrin yenilənməsi problemini yaşadıqlarını deyirlər.